UEFA Konfans Liqasının yarımfinalçıları müəyyənləşib
Bakı, 15 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 14-də futbol üzrə UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin cavab oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarımfinala adlayan bütün iştirakçılar bəlli olub.
İngiltərənin "Lester Siti" klubundan sonra Fransanın "Marsel", Niderlandın "Feyenoord" və İtaliyanın "Roma" klubları da mərhələ adlayıblar.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu dörddəbir finalın cavab matçında Yunanıstanda PAOK-la üz-üzə gəlib. Minimal hesablı qələbə qazanan Marsel şəhərinin eyniadlı təmsilçisi yarımfinala yüksəlib. Yeganə qolu 34-cü dəqiqədə Dmitri Payet vurub. Fransa klubu ilk görüşdə də rəqibini məğlub etmişdi.
"Roma" evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "canavarlar" məğlubiyyətin əvəzini dörd cavabsız qolla çıxıblar.
"Feyenoord" isə Çexiyanın "Slaviya Praqa" komandasını 2:1 hesabı ilə qalib gəlib. Niderlanddakı qarşılaşmada heç-heçə qeydə alınmışdı.
Gecənin ilk matçında İngiltərənin "Lester Siti" klubu Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.
Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. Matçın 77-ci dəqiqəsində Ceyms Meddison tarazlığı bərpa edib. Qarşılaşmanın 88-ci dəqiqədə isə Rikardu Pereyra "Lester Siti"ə qələbə qazandırıb. İngiltərədəki ilk görüşdə hesab açılmamışdı.
Beləliklə, yarımfinalda "Lester Siti" klubu "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də baş tutacaq.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
PSV (Niderland) - "Lester Siti" (İngiltərə) - 1:2, ilk oyun - 0:0;
"Slaviya Praqa" (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3, 3:3;
PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1, 1:2;
"Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0, 1:2.