Ukrayna Ali Radası qələbə planının reallaşdırılması üçün sənədlər paketi hazırlayacaq
Kiyev, 16 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya qələbə planını təqdim etdikdən sonra parlamentarilərlə görüş keçirib. Ali Rada planın bəndlərini həyata keçirmək üçün lazım olan sənədlər paketini hazırlayacaq. Parlament, həmçinin diplomatik qarşılıqlı fəaliyyət planı hazırlayacaq. Prioritet ABŞ Konqresi, Avropa Parlamenti və G7 ölkələrinin parlamentləri olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə telemarafonda Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
“Prezident parlament rəhbərliyi ilə bütün fraksiya və qrupların sədrləri ilə görüşdü və biz birlik kontekstində irəli sürülən təklifləri iki saata yaxın ətraflı müzakirə etdik. Fraksiya və qrupların nümayəndələrinin hər birinin Ukrayna prezidentinə sual vermək imkanı olub”, - deyə Stefançuk görüşün üç fundamental nəticəsi olduğunu bildirib.
Onlardan birincisi - qələbə planı Ali Radaya təqdim edilib, ikincisi - parlament bu planı həyata keçirməyə başlayacaq, üçüncüsü isə Ali Rada Ukrayna parlamentinin və siyasi qüvvələrin bu plana necə inteqrasiya olunacağına dair ümumi proqram hazırlayacaq.
“Yəni bu, parlamentin bu gün təklif etdiyi inteqrasiyalı yanaşmadır. Ukrayna Prezidenti ilə görüşdə bütün fraksiya və qrup rəhbərləri birlikdə, yekdilliklə bu mövqelərin hamısını dəstəklədilər”, - deyə spiker qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev