UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRİ BRİFİNQ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Boris Klimçuk Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana qarşıdakı səfəri ilə əlaqədar brifinq keçirmişdir.
Səfir razılıq hissi ilə qeyd etmişdir ki, Ukrayna ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.
B.Klimçuk Ukrayna Prezidentinin səfərinin proqramı barədə qısa məlumat verdikdən sonra qeyd etmişdir ki, Viktor Yuşşenko Ukraynanın görkəmli şairi, bu xalqın mənəviyyatının rəmzi sayılan Taras Şevçenkonun Bakıda abidəsinin açılışında iştirak edəcəkdir.
Səfir bildirmişdir ki, Ukrayna Prezidenti səfər müddətində Azərbaycan paytaxtının Xətai rayonunda Ukrayna səfirliyi binasının tikintisi üçün ayrılmış əraziyə də baxacaqdır.
Sonda B.Klimçuk jurnalistlərin suallarına cavab vermişdir.