Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Validə Əlizadə Ulu Öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən danışıb: “Heydər Əliyev məqsədyönlü siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmuşdur. Bu siyasətin icraçısı Ulu Öndərin layiqli siyasi varisi İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.”
İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Eldar Novruzov qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, Azərbaycanın müstəqilliyini əbədi edib. O, siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb.
Tədbirdə professorlar Səyyarə İbadullayeva, Dilzara Ağayeva, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov və ümumi işlər üzrə direktor müavini İmran Babayev ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və fenomenal siyasi bacarığından danışıblar.
Sonda Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.