Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Misirdə silsilə tədbirlərlə anılıb
Qahirə, 9 may, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatçılığı ilə burada yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beş milyon əhalisi olan Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əl Aşmavi, Misirdəki səfirimiz Tural Rzayev, Vilayət məclisinin üzvləri, səfirliyimizin əməkdaşları və onların ailə üzvləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlilərimiz iştirak ediblər.
Tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən istedadlı uşaqlar üçün tədris mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar.
Mərkəzin rəhbəri xanım Səbilə Əbdül Vahab qonaqlara “Müasir Azərbaycanın banisi Heydər Əliyev” mövzusunda ətraflı məlumat vermiş, qonaqları fotosərgi ilə tanış edib.
Sonra tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkını gəzərək Azərbaycanın Misirdəki səfirliyi və Qalyubiyyə vilayəti ilə qardaşlaşmış olan Abşeron Rayonu İcra Hakimiyyətinin maddi dəstəyi ilə 2016-cı ildə burada aparılan yenidənqurma-bərpa işləri ilə tanış olublar.
Daha sonra tədbir iştirakçıları parkda yerləşən Heydər Əliyevin heykəlinin önünə gələrək ulu öndərin əziz xatirəsini yad ediblər.
Qalubiyyə qubernatoru Mahmud Əl-Əşmavi və səfir Tural Rzayev Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül qoydular.
Tədbirdə çıxış edən səfir Tural Rzayev Ulu Öndərin keçdiyi ömür yolunu xatırlayaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb. Səfir Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığını vurğulayıb.
Qallubiyyə qubernatoru Mahmud Əl-Əşmavi tədbirdə çıxış edərək Misir-Azərbaycan əlaqələrinin bugünkü vəziyyətindən məmnunluğunu dilə gətirib və bu əlaqələrin əsasında bu gün də uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun dayandığını vurğulayıb.
Tədbirdə Misirdəki Azərbaycan diasporasının rəhbəri tədqiqatçı alim Seymur Nəsirov çıxış edərək, Misir-Azərbaycan əlaqələrinin tarixindən söhbət açdı, bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolundan bəhs edib.
Sonda tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Misirdəki heykəli önünə çiçəklər düzərək xatirə şəkli çəkdiriblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə