ELM VƏ TƏHSİL
Ulu Öndərin 100 illik yubileyi münasibətilə tələbələrin rəsm sərgisi açılıb
Bakı, 11 may, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələrinin rəsm əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sərgidən öncə iştirakçılar Ümummilli Liderin əziz xatirəsini sonsuz məhəbbət və ehtiramla yad ediblər. Fakültə tələbələrinin təqdimatında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti diqqətə çatdırılıb. Ölkəmizdə sabitliyin əldə olunmasında, dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində onun müstəsna xidmətlərinə nəzər yetirilib. Ulu Öndərin azadlıq və müstəqilliklə bağlı dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
Tələbələrdən Əvəz Cəfərov “Bir ulu sərkərdə, bir Ulu Öndər” şeirini söyləyib, Miraytac Hüseynova “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısını ifa edib.
Sonra iştirakçılar rəsm əsərləri ilə tanış olublar. Sərgidə gənclərin 50-yə yaxın rəsm işi nümayiş etdirilib. Tələbələrin böyük məhəbbət və sevgi ilə hazırladıqları rəsmlərdə Ulu Öndərin müdrikliyi, qətiyyəti, böyük siyasi iradəsi incə və zərif cizgilərlə sənətsevərlərə çatdırılıb.