Ulu Öndərin yubileyinə həsr olunmuş “Biomüxtəliflik və bioresurslar” mövzusunda elmi seminar
Bakı, 28 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biomüxtəliflik və bioresurslar” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Səyyarə İbadullayeva seminarın təşkilinin əsas məqsədinin Ulu Öndərin Azərbaycan təbiətində qoyduğu irsi gənc nəsillərə çatdırmaqdan ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizin təbii zənginliklərinin dövlət səviyyəsində mühafizə edilməsi işi XX əsrin ikinci yarısından etibarən sistemli şəkildə həyata keçirilib. Hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda təbii sərvətlərin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atıb. S.İbadullayeva vurğulayıb ki, botanik alimlərimiz Azərbaycanın “Qırmızı kitabı”nın III nəşrini məhz Ulu Öndərin 100 illiyinə töhfə vermək arzusundadır.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov biomüxtəlifliyin qorunması və davamlı istifadəsinin XXI əsrin ən mühüm və qlobal problemlərindən olmaqla, dövlətin həllini vacib hesab etdiyi prioritet məsələlərdən biri olduğunu vurğulayıb.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Milli Məclisin deputatı Kamilə Əliyeva, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, akademik Tariyel Talıbov, Botanika İnstitutunun icraçı direktoru Şakir Qasımov və digər çıxış edənlər tədbirin bilomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində qarşıya qoyulmuş bir sıra mühüm məsələlərin həllinə töhfə verəcəyini bildirib, seminarın elmi tədqiqatların gələcək inkişafı üçün mühüm rol oynayacağını qeyd ediblər. Çıxışlarda Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasından söz açılıb, ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiya ərəfəsində bu cür tədbirlərin təşkilinin mühüm addımlardan biri olduğu vurğulanıb.
Seminarda professor Elman İsgəndər Qarabağın nadir və itmək təhlükəsində olan nadir növləri, dosent Dilzarə Ağayeva göbələk patogenlər, invaziyalar və biotəhlükəsizlik mövzularında məruzələrlə çıxış ediblər.
İkigünlük seminarda elmlər və fəlsəfə doktorları, aspirant və magistrantlar müxtəlif mövzularda məruzə və posterlərlə çıxış ediblər.
Seminarın sonunda iştirakçılarda sertifikatlar verilib.