Ulyanovskda Azərbaycan diasporu “Xalqlar dostluğu kuboku” turniri təşkil edib
Moskva, 27 fevral, AZƏRTAC
Rusiya Federasiyasının Ulyanovsk vilayətində Azərbaycan diasporunun təşkil etdiyi minifutbol üzrə növbəti “Xalqlar dostluğu kuboku” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılışında Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix, Rusiya Qəhrəmanı Oleq Lobunets, Federasiya Şurasının Ulyanovsk vilayətindən senatoru Sergey Ryabuxin çıxış ediblər. S.Ryabuxin turnirin 15 illiyi münasibətilə onun daimi təşkilatçısı, Ulyanovsk Regional Azərbaycan Milli-Mədəniyyət Muxtariyyətinin sədri və qubernatorun millətlərarası məsələlər üzrə müşaviri İslam Hüseynova Rusiya cəmiyyətində vətənpərvərlik şüurunun inkişafına və millətlər arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə təşəkkür məktubu təqdim edib.
Yarışların əsas mükafatı uğrunda 30-dan çox komanda mübarizə aparıb. Gərgin keçən mübarizə şəraitində Beynəlxalq İslam Biznes Assosiasiyasının komandasına qalib gələn tatar muxtariyyətinin yığma komandası turnirin qalibi olub. Üçüncü yeri “Rus evi” komandası tutub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva