ULYANOVSKDA ÜAK-IN SƏYYAR MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
ÜAK icra aparatının regional təşkilat şöbəsinin müdiri İlqar İbrahimov bildirmişdir ki, Konqresin nümayəndələri və regional şöbələrin rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin Volqaboyu Dairə Şurasının yaradılması haqqında qərar qəbul etmişlər. Buraya Başqırdıstan, Mari-El, Tatarıstan, Udmurtiya, Çuvaşıya respublikaları, habelə Kirov, Nijni Novqorod, Penza, Perm, Samara, Saratov və Ulyanovsk vilayətləri regional təşkilatları daxil olmuşlar. ÜAK-ın vitse-prezidenti Şakir Göyüşov Volqaboyu Dairə Şurasının sədri seçilmişdir.
Müşavirənin əvvəlində Beslanda, habelə son zamanlar Rusiya ərazisində törədilmiş digər terror aktları nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ulyanovsk vilayət administrasiyasının və ictimai təşkilatların nümayəndələrinin də iştirak etdikləri müşavirədə Rusiya xalqlarının terrorizmə qarşı mübarizədə birləşməsi məsələsi geniş müzakirə olunmuşdur. Müzakirələrin yekunu olaraq, həmvətənlərimizə, Ulyanovsk vilayəti və Volqaboyu Federal dairəsinin sakinlərinə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir ki, Rusiyada yaşayan azərbaycanlılar terrorizmin bütün forma və təzahürlərini kəskin surətdə pisləyir, “terrorizmə, terrorçuların törətdikləri cinayətlərə, Rusiya xalqlarının çoxəsrlik dostluğunu pozmağa yönəlmiş dini və milli hisslərlə çirkin oyunlara qəti surətdə yox deyirlər”.
İ.İbrahimov demişdir ki, müşavirədə təşkilatın qarşılıqlı fəaliyyətinin daim əlaqələndirilməsi, millətlərarası münasibətlərin vəziyyəti haqqında informasiya mübadiləsi və Volqaboyu Federal dairəsindəki Azərbaycan diasporunun daha sıx birləşməsi məsələləri, habelə Rusiyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunmuşdur.