ÜMT: ekstremal istilik dalğaları güclənəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Ekstremal temperaturlar havanın keyfiyyətinə, insanların sağlamlığına və ətraf mühitə güclü təsir göstərir. AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının hesabatında deyilir.
Dünyada havalar getdikcə daha istiləşir, bu yay bir çoxlarımız bunun şahidi olduq. Alimlər bildirirlər ki, buna səbəb yeni istilik dalğalarına səbəb olan iqlim dəyişməsidir.
Ümumdünya Meteorologiya Təşkilatının yeni hesabatında deyilir ki, meşə yanğınları və səhraların tozu səbəbindən şiddətlənən bu ekstremal yüksək temperaturlar havanın keyfiyyətinə, insanların sağlamlığına və ətraf mühitə nəzərəçarpan təsir göstərirlər.
Ekspertlərin fikrincə, gələcəkdə ekstremal istilik dalğaları yalnız güclənəcək; havanın keyfiyyəti və iqlim dəyişməsi problemləri birlikdə həll olunmalıdır; Avropada 2022-ci ilin istilik dalğası, şübhəsiz, ozonla çirkləndirmənin artmasına gətirib çıxarıb; meşə yanğınlarının tüstüsü insanların sağlamlığına, ekosistemlərə və kənd təsərrüfatı məhsullarına ziyan vurur; parklar və ağaclar “şəhər istilik adaları”nı azalda bilər.
İnsan fəaliyyəti nəticəsində istini tutan istixana qazlarının səbəb olduğu iqlim dəyişməsi uzunmüddətli qlobal təhdiddir.
Eyni zamanda, havanın çirkləndirilməsi bir neçə gündən bir neçə həftəyədək olan müddətdə baş verir və əsasən lokal xarakter daşıyır.
ÜMT-nin hesabatı BMT-nin himayəsində Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” Gününə həsr olunub.
Cari ilin "Təmiz hava uğrunda birlikdə” mövzusu - havanın çirklənməsinə qalib gəlmək üçün möhkəm tərəfdaşlıqların yaradılması, investisiyaların artırılmasının zəruriliyi və ümumi məsuliyyətə diqqət çəkir.