ÜMUMDÜNYA TAEKVONDO FEDERASİYASININ PREZİDENTİ İDMANIN BU NÖVÜNÜN AZƏRBAYCANDA SÜRƏTLİ İNKİŞAFINDAN RAZIDIR
ÜTF prezidentinin respublikamıza yenidən səfərə gəlməsindən məmnunluğunu vurğulayan Kəmaləddin Heydərov, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına böyük önəm verdiyini, məhz dövlətimizin başçısının xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycanda bu sahədə müsbət irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə danışan K.Heydərov əminliklə bildirmişdir ki, hazırkı səfər Azərbaycan Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası ilə əlaqələrinə müsbət təsir göstərəcək, bu qurumlar arasında münasibətlər bundan sonra da inkişaf edərək möhkəmlənəcəkdir. ÜTF-nin vitse-prezidenti demişdir ki, Azərbaycan hökuməti, o cümlədən Gənclər və İdman Nazirliyi ölkəmizdə taekvondonun populyarlaşmasına xüsusi önəm verirlər.
Çanqvon Çu Azərbaycanda taekvondonun inkişafı üçün yaradılan şəraitdən razılıqla danışmış, son zamanlar idmançılarımızın taekvondo üzrə beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. Qonaq xüsusi vurğulamışdır ki, taekvondonun Azərbaycanda yaxın vaxtlarda inkişaf etdirilməsinə baxmayaraq, o, Şərq əlbəyaxa döyüş növləri arasında liderlik edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.