ÜMUMGÜRCÜSTAN KATALİKOS PATRİARXI ALLAHŞÜKÜR PAŞAZADƏNİ QƏBUL ETMİŞDİR
Şeyxülislamı səmimi salamlayan Patriarx Qafqaz Müsəlmanları İdarəsi başçısının Tbilisidə keçirilən mötəbər toplantıda – “Qloballaşma və sivilizasiyaların dialoqu” beynəlxalq forumunda iştirakının böyük əhəmiyyət kəsb etdiyini, bu səfərin dövlətlərimizin, xalqlarımız və dinlərimiz arasında tarixi əlaqələrin yeni mərhələsi kimi qiymətləndirildiyini bildirmişdir.
Patriarx terrorizm və qloballaşma probleminə toxunmuş, hər iki təhlükəyə qarşı hamını birliyə çağırmış, qədim tarixə malik Azərbaycan və gürcü xalqlarının milli-mədəni-dini dəyərlərini saxlamaq yönümündə qarşıda duran vəzifələrdən söhbət açmışdır.
Şeyxülislam səmimi qəbula görə II İlyaya təşəkkür etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş arzularını çatdırmışdır. O, Ümumgürcüstan patriarxı ilə uzun illər səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu bildirmiş, dünyanın bəlasına çevrilən terror hadisələrini pisləmiş, burada din amilindən istifadə olunmasından narahat olduğunu demişdir. Milli münaqişələrin sülh yolu ilə həllində Azərbaycan və Gürcüstanın din xadimlərinin mövqelərinin üst-üstə düşdüyünü vurğulamışdır. Azərbaycanda gürcülərin, Gürcüstanda azərbaycanlıların yaşadığına diqqəti çəkərək xalqlarımızın dostluğunun daha da gücləndirilməsinin, qarşıdurma yaratmağa cəhd edənlərə qarşı birlikdə cavab verməyin vacibliyindən söhbət açmışdır.
Gürcüstanda Azərbaycan xalqına, onun rəhbərinə, xalqımızın ümummilli lideri Heydər Əliyevə böyük önəm verildiyindən məmnunluq duyduğunu bildirən Şeyxülislam Patriarxa onu belə bir mötəbər məclisə dəvət etdiyi üçün bir daha təşəkkürünü bildirmişdir.
Beynəlxalq aləmdə baş verən son olayları təhlil edən Patriarx və Şeyxülislam birmənalı şəkildə terrorizm, təcavüzkarlıq, separatçılıq və ekstremizmi pisləmiş, insan həyatının məhvinə yönəldilmiş bu növ cinayətlərin müqəddəs dini dəyərlərlə bir araya sığmadığı fikrini vurğulamışlar.
Xüsusi qeyd olunmuşdur ki, Qafqazın xoşbəxt gələcəyinə yeganə yol sülh, millətlər və dinlərarası əməkdaşlıqdan, dinc qonşuluq münasibətləri, ərazi bütövlüyünün qorunmasından, separatçılıq və təcavüz siyasətindən imtinadan keçir. Yalnız bu yol çox münaqişələrin, o cümlədən Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin ədalətli və layiqli həllinə gətirib çıxara bilər.
Söhbət zamanı Qafqazın Şeyxi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini Patriarxın nəzərinə çatdıraraq, onların həllində yardımcı olmasını xahiş etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ümumgürcüstan Patriarxını Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.
Sonra Şeyxülislamla Patriarx təkbətək söhbət etmişlər.