Ümumi müsahibəyə 26 vakant yer çıxarılıb
Bakı, 10 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 8 dövlət orqanında 26 vakant vəzifə üzrə 26 yer ümumi müsahibəyə çıxarılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 125 namizədlə 104 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə edildiyi vəzifələr sırasına Məhkəmə-Hüquq Şurası, İnformasiya texnologiyaları və innovasiyalar sektorunda məsləhətçi (1 vakant yer üzrə 21 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyində Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 16 namizəd) vəzifələri daxildir.
Müsahibələrin fevralın 18-dən martın 5-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi deyil, məsuliyyətsizlik kimi xarakterizə edilir. Belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçərək açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.
Namizədlərdən müsahibə vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.