SİYASƏT
Ümumukrayna Gənclərinin Ekoloji Forumunda Qarabağ bölgəsində ekoloji terror mövzusuna toxunulub




Kiyev, 4 oktyabr, AZƏRTAC
Kiyevdə Birinci Ümumukrayna Gənclərinin Ekoloji Forumu keçirilib. İki gün davam edən tədbirdə 500-dən çox nümayəndə və Ukraynanın müxtəlif yerlərindən 20-dən artıq spiker iştirak edib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Gənclər və İdman Nazirliyi, Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyinin, Kiyev şəhər Administrasiyasının dəstəyi ilə forumun iştirakçıları qismində “Let”s do it Ukraine” Ümumukrayna Ekoloji Gənclər Hərəkatı və Ukrayna Gənclər Mərkəzi çıxış ediblər.
Forum çərçivəsində çıxış edən Ukrayna-Azərbaycan layihələrinin kuratoru, jurnalist Marına Qonçaruk öz ölkəsinin və Azərbaycanın işğal olunmuş ərazilərdə ekoloji terror problemi ilə qarşılaşdığını bildirib. O qeyd edib: “Gənclərin ictimai təşəbbüsləri və layihələri xalqlarımız arasında dialoqun mühüm tərkib hissəsidir. Təcrübə göstərir ki, hər iki ölkənin gəncləri mədəniyyət və xalq diplomatiyası, həmçinin təhsil sektorunda birgə layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Ekoloji mədəniyyət Ukrayna və Azərbaycan gənclərinin dəyərlər sistemində çox mühüm yer tutur. Həmin layihələrin həyata keçirilməsində təcrübə mübadiləsi aparılması üçün biz dialoqu inkişaf etdirməli, əhalinin ekoloji məsuliyyətinin artırılmasına xüsusi diqqət yetirməliyik. Eyni zamanda, unutmaq olmaz ki, Ukrayna və Azərbaycan ekoloji xarakterli problemlər də daxil olmaqla, öz ərazilərinin işğalı zamanı bir çox ciddi fəsadlarla üzləşiblər. Azərbaycan öz ərazilərini işğaldan azad edə bildi, lakin otuzillik işğal dövrünün ağır nəticələri oldu: bütöv şəhərlər və kəndlər yer üzündən silindi, yüz minlərlə insan doğma evlərindən məhrum oldu”.
M.Qonçaruk vurğulayıb ki, işğalçılar tərəfindən ekoloji terrorçuluq çox ciddi problemdir. Onun fəsadları region sakinləri tərəfindən hələ uzun müddət hiss olunacaq.
Azərbaycan haqqında danışanda, biz hamımız ekoloji fəalların aksiyalarını xatırlayırıq. Onun iştirakçıları arasında fəal vətəndaş mövqeyi olan bir çox gənclər faydalı qazıntıların qanunsuz çıxarılması və Azərbaycan ərazilərində təbii ehtiyatların qeyri-leqal istifadəsinə qarşı etiraz edirdilər. Bu aksiya dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Qeyd etmək lazımdır ki, ərazilərinin bir hissəsi işğal altında olan digər ölkələr də analoji problemlə üzləşir. Axı, mədənlərin qanunsuz istismarı təkcə başqa xalqın təbii sərvətlərini oğurlamaq deyil, həm də bütün mümkün norma və texnologiyaların pozulması prosesi deməkdir. Bu, işğal altında olan ərazilərin və ətraf yerlərin ekosisteminə çox ciddi zərər vurur.
Ərazilərin minalanması problemi isə təkcə əhaliyə qarşı terror deyil, eyni zamanda, ətraf mühitə və bütün canlılara vurulan böyük zərərdir. Təəssüf ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri, həmçinin Ukraynanın azad edilmiş və hazırda işğal altında olan torpaqları dünyada ən çox minalanmış ərazilər sırasında yer alır. Ötən il mən və ukraynalı gənclərin bir neçə nümayəndəsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində olduq və otuzillik işğalın ağır fəsadlarını əyani olaraq gördük. Biz, həmçinin ekoloji terrorun da nəticələrinin şahidi olduq və Azərbaycanın hansı əziyyətlərlə öz ərazilərini minalardan təmizləməsi prosesinin müşahidə etdik. Fürsətdən istifadə edərək xatırlatmaq istəyirəm ki, Azərbaycan Ukraynaya ərazilərin minalardan təmizlənməsi üçün texnika verib, habelə azərbaycanlı mütəxəssislər ukraynalı sapyorlara təlim keçirlər. Bu, ukraynalılar üçün çox vacibdir və biz Azərbaycan xalqına minnətdarıq”, - deyə Marına Qonçaruk qeyd edib.
“Let”s do ıt Ukraine” Ümumukrayna Ekoloji Gənclər Hərəkatının lideri Yuliya Marxelin sözlərinə görə, bu gün ekologiya problemləri hər zaman olduğundan daha aktualdır. O vurğulayıb: “Ölkəmiz hər gün ekosiddən əziyyət çəkir, ətraf mühitimiz dağıdılır. Ekosistemi birlikdə tarazlaşdırmaq lazımdır, çünki bu, bizim həyatımıza, sağlamlığımıza, qəbul etdiyimiz qidalara, suya, havaya təsir edir. Ukraynada irimiqyaslı ekoloji təşəbbüslərin həyata keçirilməsi bütün dünyaya nümayiş etdirir ki, ukraynalılar öz torpağı, öz ətraf mühiti uğrunda mübarizə aparmağa hazırdır və biz təmiz bir mühitdə, əmin-amanlıq şəraitində yaşamağa can atırıq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev