UNEC rektorunun müsahibəsi Türkiyə nəşrində
Bakı, 13 iyun, AZƏRTAC
Türkiyənin Yıldız Teknik Universitetinin dosenti Süleyman Doğanın “Rektorlar danışır” kitabı nəşr edilib.
Kitabda Türkiyənin 24 universitetinin və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) daxil olmaqla 4 xarici universitetin rektoru ilə müsahibə yer alıb. Üç bölmədən ibarət olan kitabın “1992-ci ildə yaradılmış universitetlərin rektorlarının 2023-cü il üçün hədəflərinin müəyyənləşdirilməsi” adlı birinci bölməsində universitet rektorlarının elm, təhsil və tədrisin inkişafı istiqamətində 2023-cü ilədək strateji hədəfləri ətraflı işıqlandırılıb.
İkinci bölmədə rektorlarla birbaşa söhbətlərə yer verilib, bu söhbətlərdə Osmanlıdan Cümhuriyyətə kimi təhsilin, xüsusilə ali təhsilin keçdiyi tarixi yol, mövcud vəziyyət və problemlər müzakirə olunub və perspektivlər qeyd edilib.
Üçüncü bölmədə Türkiyə xaricində 4 universitet rektoru ilə aparılan müsahibələr, xüsusən də türk dünyasının Qafqaza açılan pəncərəsi Azərbaycanın ən nüfuzlu universitetlərindən olan UNEC-in rektoru, professor Ədalət Muradovla müsahibə verilib. Kitabda Azərbaycanın ali təhsil ocaqları sırasında özünəməxsus yeri və nüfuzu olan UNEC-in keçdiyi tarixi inkişaf yolu, hazırda universitetdə aparılan islahatlar, həyata keçirilən müasir elmi tədqiqatlar, elektron universitet modelinin qurulmasında əldə edilmiş uğur və nailiyyətlər, distant təhsil, perspektivlər və hədəflər barədə məlumatlar əks olunub.
Qeyd edək ki, kitab rektorlarla müsahibələrin işıqlandırılması baxımından bu günə qədər ilk və ən əhatəli çalışmadır.