Universitetlərdə “StartUp School” layihəsinin təqdimatına başlanıb
Bakı, 27 fevral, AZƏRTAC
“Enterprise Azerbaijan” portalının Amerika Birləşmiş Ştatlarının Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində yaradılan “StartUp School” layihəsinin universitetlərdə təqdimatlarına başlanılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı ilk görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib. “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun IT və İnnovasiya üzrə müşaviri Rasim Abdullayevin, “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılovun, mentorların, startapların və tələbələrin qatıldığı görüşdə “enterpriseazerbaijan.gov.az”ın gördüyü işlər, gələcək fəaliyyət və rezidentlər haqqında ətraflı məlumat verib.
Daha sonra mentor Habil Əhmədov “Startapların inkişaf istiqamətləri” mövzusunda təlim keçib, layihə meneceri Nəzrin Əkbərova isə “StartUp School” haqqında tələbələrə geniş informasiya çatdırıb.
Sonda tələbələrin və müəllim heyətinin sualları cavablandırılıb.