“Unudulmayan mədəni irsimiz və qorunan gələcəyimiz” adlı bilik yarışının qalibləri mükafatlandırılıb
Şabran, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən “Unudulmayan mədəni irsimiz və qorunan gələcəyimiz” adlı bilik yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan intellektual yarış “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Şabran Bələdiyyəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
“Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva, Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsinin sədri Seymur Qədəşov çıxışlarında Zəfər Gününün xalqımızın milli birlik, qəhrəmanlıq və mübarizə ruhunun simvolu olduğunu qeyd ediblər.
Yarışın nəticələrinə əsasən Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin komandası birinci, Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin komandası ikinci, Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri qazanıb.
Qalib komandalar fəxri fərman və xüsusi hədiyyələrlə təltif olunublar.