UŞAQLARIN VƏ ƏTRAF MÜHİTİN SAĞLAMLIĞI MƏSƏLƏSİ NAZİRLƏRİN KONFRANSINDA MÜZAKİRƏ MÖVZUSU OLACAQDIR
Qafqaz REM-in Azərbaycan üzrə əlaqələndiricisi İlkin Kəngərli bildirmişdir ki, Nazirlər Bəyannaməsi və Avropa “Ətraf mühit və uşaqların sağlamlığı” fəaliyyət planı müzakirəyə təqdim olunacaq əsas sənədlərdir.
Respublika Səhiyyə Nazirliyinin nümayəndəsi Fuad Mərdanlı uşaqların kifayət qədər keyfiyyətli içməli su, təhlükəsiz qida maddələri, o cümlədən südəmər uşaq qidası, adi sanitar-gigiyenik rahatlıqla təminatı, reproduktiv yaş dövründə olan uşaqların təhlükəli kimyəvi maddələrdən müdafiəsi kimi vacib amillərdən danışmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vaqif Hidayətovun sözlərinə görə, respublika əhalisinin 60 faizini 18 yaşına qədər olan uşaq və gənclər təşkil edir. O, məlumat vermişdir ki, ötən ilin dekabrında qeyri-hökumət təşkilatlarının (QHT) uşaqların və ətraf mühitin sağlamlığı problemləri ilə əlaqədar Brüsseldə keçirilən strateji görüşündə Azərbaycan nümayəndə heyətinin təkidi ilə Bəyannaməyə silahlı münaqişə şəraitində məcburi köçkünlərin uşaqları, böyük bir ərazinin minalanması, uşaq ölümü ilə bağlı problemlər daxil edilmişdir.
Budapeştdə nazirlərin konfransı ilə eyni vaxtda qeyri-hökumət təşkilatlarının “Sağlam planet” adı altında forumu keçiriləcəkdir. Forumda Azərbaycanı dörd QHT təmsil edəcəkdir.
Görüşdə Qafqaz REM-in regional nümayəndəsi xanım Nato Kirvalidze iştirak etmişdir.