“Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdimatı olub
Bakı, 24 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Üzeyir Hacıbəylinin ev-muzeyində, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə cap olunmuş “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitaba Üzeyir bəy haqqında monoqrafiyalar, dissertasiyalar, tədqiqat əsərləri daxil edilib. Nəşrdə, həmçinin dahi bəstəkar haqqında tələbələrinin, həmkarlarının, onu yaxından tanıyan ziyalıların xatirələri toplanıb. Müəlliflər arasında Vasim Məmmədəliyev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Natiq Əliyev də var.
Kitabın “Ön söz”ündə S.Təhmirazqızı yazır: “XX əsrin mədəniyyət tarixinin inkişaf yoluna nəzər salanda, bu yolda Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki müstəsna rolu bir daha görünür. O, Azərbaycan professional və klassik musiqi sənətinin banisi, Azərbaycan musiqişünaslıq məktəbinin yaradıcısı, dramaturq, publisist, ictimai xadim kimi fəaliyyəti ilə milli mədəniyyətimizi yüksək səviyyəyə çatdırmış və mədəniyyət tarixində silinməz izlər buraxmışdır”.
Təqdimat mərasimində Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Xalq Artisti Ramiz Quliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, professor Vidadi Xəlilov, mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.
Çıxış edənlər kitabın zənginliyindən və Azərbaycan musiqisinin inkişafında Üzeyir bəyin böyük əməyindən danışıblar.
Tədbirdə dahi Üzeyir bəyin musiqi əsərləri səslənib.