ÜZEYİR MUSİQİ GÜNÜ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş Üzeyir Musiqi Günü keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bunun üçün xüsusi proqram hazırlanmışdır.
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında MDB ölkələri Gənclər Simfonik Orkestrinin konserti keçiriləcək, Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarları ziyarət olunacaqdır.
Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününün təntənəli açılışında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə konsert təşkil ediləcəkdir.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan bəstəkarlıq məktəbinin 100 illiyinə həsr olunmuş «Azərbaycan bəstəkarlıq irsinin tədqiqi-dünən və bü gün» mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Musiqi bayramı günü Üzeyir Hacıbəyovun ev-muzeyində bəstəkara həsr olunmuş tədbir də təşkil ediləcəkdir.
Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bayram ab-havası hökm sürəcəkdir. Burada Ü.Hacıbəyovun “Koroğlu” operasının tamaşası ilə yeni teatr mövsümü start götürəcəkdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı isə Ü.Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası ilə yeni teatr mövsümünü açacaqdır.
Sentyabrın 17-dən 19-dək respublikanın klub və mədəniyyət evlərində, muzey və kitabxanalarında Üzeyir Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək, Ü.Hacıbəyova və Azərbaycan musiqisinə həsr olunmuş bədii və sənədli filmlər nümayiş olunacaqdır.
Dahi bəstəkarın doğulduğu Ağcabədi rayonunda Üzeyir Hacıbəyov adına parkın və Qarabağ Muğam Mərkəzinin açılışı da sentyabrın 18-də baş tutacaqdır.