Uzunoba su anbarında keçirilən taktiki-xüsusi təlim başa çatıb
Naxçıvan, 12 iyun, AZƏRTAC
Xilasedici-dalğıcların peşə hazırlığının artırılması və su hövzələrində insanların təhlükəsiz istirahətini təmin etmək məqsədilə iyunun 10-11-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-dalğıcları ilə Uzunoba su anbarında “Sularda axtarış-xilasetmə işlərinin təşkili, zərərçəkənlərin xilas edilməsi və ilk tibbi yardımın göstərilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlim başa çatıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə şərti olaraq suda boğulma hadisəsi baş vermiş su hövzəsinə şəxsi heyətin yürüşü başa çatdıqdan sonra ilk növbədə, ərazinin vizual kəşfiyyatı aparılıb, real şərait nəzərə alınmaqla heyətlərin operativ idarə olunması məqsədilə hərbi hissənin idarəetmə məntəqəsi, tibbi təminatı və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsini təşkil etmək üçün tibb məntəqəsi açılıb. İdarəetmənin operativliyini və dayanıqlığını təmin etmək məqsədilə radiostansiyalardan, dalğıclar arasında vizual rabitə siqnallarından istifadə olunub.
İdarəetmə məntəqəsinin işçi heyəti tərəfindən axtarış-xilasetmə işlərinin aparılması, onun nəticələri barədə məlumatların toplanılması, işlənilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul olunması, axtarış-xilasetmə işlərinin aparılmasında qarşılıqlı fəaliyyət həyata keçirilib.
Suda batanların axtarışı və xilas edilməsi işlərinin aparılması üçün “Sularda axtarış-xilasetmə işlərinin təşkili üzrə təlimat”ın tələblərinə uyğun olaraq heyətlər yaradılıb. Onların tərkibi bir qayda olaraq işçi və təminedici dalğıclardan, sığortalayıcı dalğıcdan, qayıq sürücüsündən, eləcə də suda boğulmuş insanlara ilk tibbi yardım göstərilməsi üçün tibbi heyətdən ibarət olub. Heyətlərin fəaliyyətini təmin etmək üçün hadisə yerinə xilasedici, avarlı-motorlu və rezin avarlı qayıqlar, skuter, tənəffüs aparatları, məhdudlaşdırıcı buylar, dördbarmaqlı qarmaqlar, xilasedici dairələr, dalğıc bıçaqları, durbinlər və digər təminedici dalğıc avadanlıqları, həmçinin tibbi yardım avtomobili və ilk tibbi yardım vasitələri cəlb edilib.
Təlim zamanı qayıqdan və sahildən üzmə vasitələrinin köməyi ilə, eləcə də birbaşa suya baş vurmaqla üzərək suyun üzərində olan zərərçəkmişə yaxınlaşıb xilasedici buy və dairə vasitəsilə onun xilas edilməsi həyata keçirilib. Bundan əlavə dairəvi üsulla, axtarış-enmə kəndiri vasitəsilə axtarışın aparılması, sualtı hərəkət vasitələri ilə su hövzəsinin dibinin orientir üzrə (“Qals” üsulu ilə) axtarılması, xüsusi səbətdə oturmuş dalğıcı qayıq vasitəsilə dartmaqla və qayıq vasitəsilə dörd barmaqlı qarmaqları dartmaqla, habelə dalğıc avadanlıqlarından istifadə etməklə sahildən və qayıqdan suya baş vuraraq suyun dibində batıb qalmış zərərçəkənin xilas edilməsi, su axını olan ərazidə axtarış-xilasetmə işlərinin təşkili və aparılması əməli olaraq yerinə yetirilib.
Təlimin taktiki tapşırığına uyğun olaraq Uzunoba su anbarında batmış 3 nəfər vətəndaş axtarış-xilasetmə heyətləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dalğıclar tərəfindən qayıqda və sahildə xilas edilmiş zərərçəkənlərin həyat əlamətlərinin qiymətləndirilməsi, tənəffüs orqanlarına və mədəsinə dolmuş suyun müxtəlif üsullarla boşaldılaraq ilk yardımın göstərilməsi və tibb məntəqəsinə təxliyəsi həyata keçirilib.
Qeyd edək ki, ötən illərdə keçirilən təlimlərdən fərqli olaraq, budəfəki təlimdə beynəlxalq təcrübədən istifadə etməklə suda boğulanların müxtəlif üsullarla axtarışı və xilas edilməsi, onlara yerində ilk yardımın göstərilməsi və tibb məntəqəsinə təxliyəsi bütün elementləri ilə yerinə yetirilib, dalğıcların peşə vərdişləri artırılıb. Təlimdə qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunub, fərqlənənlər qeyd edilib və növbəti təlimlərin keçirilməsi barədə tapşırıqlar verilib.