V BEYNƏLXALQ AUDİOVİZUAL KİNOFESTİVAL AÇILMIŞDIR
Əsasən gənc rejissorların təmsil olunduğu kinoforumu, Kinematoqrafçılar Gildiyasının prezidenti, xalq artisti Eldar Quliyev açaraq bildirmişdir ki, festivalın 5-ci dəfə keçirilməsi faktı onun yaşarılığından və zəruriliyindən xəbər verir. Gənc rejissorlar böyük kinodan kənarda qalmamalıdır. Çünki bu, gənclərdə film çəkmək xatirinə işləmək vərdişi yaradar və son nəticədə incəsənətin bu növünün tənəzzülünə gətirib çıxarar. E.Quliyev vurğulamışdır ki, əlbəttə, heç də hər şey başa düşülməyəcək və alqışlarla qarşılanmayacaqdır, lakin kinofestival da məhz yaxşını pisdən ayırmaq, uğurlu işləri qeyd etmək və səhvləri göstərmək üçün keçirilir.
Sonra Avropa Kinorejissorlar Federasiyasının (FERA) nümayəndəsi, rejissor və ssenariçi Con Krom (İngiltərə) çıxış edərək demişdir ki, hər yeni kinofestival əvvəlkindən keyfiyyətcə fərqlənir. Müsabiqəyə gənc rejissorların yaradıcılıq düşüncələrini parlaq ifadə edən filmlər təqdim olunur.
Festivalın birinci günü “Xəzər gəlini” qısametrajlı bədii filmi göstərilmişdir.
Müsabiqə ən yaxşı audiovizual iş (Qran-pri), ən yaxşı bədii film, ən yaxşı sənədli film, ən yaxşı animasiya filmi, ən yaxşı müəllif televiziya verilişi, ən yaxşı klip, ən yaxşı video-art, ən yaxşı reklam, ən yaxşı tələbə işi, ən yaxşı kompüter qrafikası nominasiyalarında keçiriləcəkdir. Tədbirdə ən yaxşı rejissor, ən yaxşı ssenariçi, ən yaxşı operator, ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı prodüser, ən yaxşı qrafik-dizayner üçün “peşəkar prizləri” habelə FERA-nın xüsusi mükafatı təqdim olunacaqdır.
Festivalın ikinci günü rejissorlar Kərim Əziminin “Qarda məhv olmuş kəpənəklər” (İran), Faiq Hüseynovun “Azərbaycanda pravoslavlıq” (Azərbaycan), G.Kakasevskinin “Rəssam Nosferatu” (Makedoniya), Əli İsa Cabbarovun “Yaxşı insan haqqında reportaj” (Azərbaycan), Emil Cüməbayevin “Qürub mahnısı” (Qırğızıstan), Murad Muradovun “Uçan çinarlar” (Azərbaycan), A.Lavrenişinin “Sərgərdanlar” (Ukrayna) filmləri və sair lentlər nümayiş etdiriləcəkdir.
Qaliblərin mükafatlandırılması və festivalın bağlanışı oktyabrın 8-də olacaqdır.