Vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması məsələlərinə nəzər salınıb
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri III Beynəlxalq “Rəqəmsal dünyada məhsul: Təsnifat və kataloqlaşdırmada innovativ həllər” konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Kataloqlaşdırma üzrə İşçi Qrupun 8-ci iclasında iştirak ediblər.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, iclasa MDB üzv ölkələrin milli standartlaşdırma qurumları, MDB İcraiyyə Komitəsi və Standartlar Bürosunun təmsilçiləri qatılıblar.
İclas çərçivəsində İşçi Qrupun fəaliyyət planı və MDB dövlətlərində milli məhsul kataloqlarının formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. MTK 537 “Kataloqlaşdırma” üzrə dövlətlərarası standartlaşdırma sənədlərinin hazırlanması və yenidən baxılması proqramı, habelə bu sahədə sənədlər fondunun elmi-texniki səviyyəsinin qiymətləndirilməsi ilə bağlı iş planı müzakirə olunub. Həmçinin vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması, istifadəsi və digər məsələlərə nəzər salınıb.
Qeyd edək ki, kataloqlaşdırma üzrə İşçi Qrup “MDB ölkələrinin vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması haqqında Saziş”i imzalamış ölkələr arasında vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılıb.