Vaşinqton Brüsseli tarifləri birtərəfli qaydada azaltmağa məcbur edir

Bakı, 23 may, AZƏRTAC
Vaşinqton uğurlu ikitərəfli ticarət danışıqlarının şərti kimi Brüsseldən ABŞ mallarına tətbiq edilən rüsumların birtərəfli qaydada azaldılmasını istəyir.
AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşrinin mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Avropa İttifaqından tarifləri birtərəfli qaydada azaltmağı tələb edir. Onlar Brüsselin güzəştə getməyəcəyi təqdirdə 20 faizlik qarşılıqlı rüsumların aradan qaldırılması üçün danışıqlarda irəliləyiş olmayacağını deyirlər.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Ağ ev tərəflər arasında fərqli mövqelər səbəbindən Avropa İttifaqı ilə hər hansı sövdələşmənin əldə olunacağına nikbin yanaşmır.
Bir müddət öncə, Avropa Komissiyası idxalına əlavə rüsumların tətbiq oluna biləcəyi 95 milyard avro dəyərində ABŞ mallarının siyahısı üzrə ictimai məsləhətləşmələrə başlayıb. Avropa Komissiyasının bəyanatına görə, əlavə rüsumların tətbiqi Vaşinqtonla Brüssel arasında davam edən ticarət danışıqlarının məqbul nəticə verməyəcəyi təqdirdə cavab tədbiri kimi qüvvəyə minəcək. ABŞ-ın əlavə rüsum tarifləri Avropanın ABŞ-a ixracatının təxminən 70 faizinə şamil edilir.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkənin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Yeni tarif siyasəti çərçivəsində 10 faizlik universal rüsumlar aprelin 5-də, fərdi rüsumlar isə aprelin 9-da qüvvəyə minib. Bundan başqa, Ağ ev aprelin 3-dən etibarən ölkəyə idxal olunan bütün avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq edib.
Vaşinqton aprelin 9-da bir sıra ölkə və ərazilərdə qarşılıqlı idxal rüsumlarını 90 gün müddətinə dayandırıb. ABŞ administrasiyası bunu ticarət danışıqları ilə izah edib.