VƏKİLLƏR KOLLEGİYASINA ÜZV OLMAQ İSTƏYƏNLƏRİN PEŞƏ YARARLILIĞI İLƏ BAĞLI İMTAHAN KEÇİRİLƏCƏK
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar fevralın 6-da Vəkillər Kollegiyasına üzv olmaq istəyən şəxslərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə test imtahanı keçirəcəkdir. İmtahan Odlar Yurdu Universitetinin binasında (Koroğlu Rəhimov küçəsi, 835) olacaqdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda 359 namizəd iştirak edəcəkdir. Sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmışdır.
İmtahan suallarının nümunələri, test sualları hazırlanarkən qanunvericilikdən istifadə edilmiş ədəbiyyat siyahısı vəkilliyə namizədlərə əvvəlcədən təqdim olunmuşdur.
Vəkillər Kollegiyası fevralın 2-4-də namizədlərə imtahana “Buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” paylamışdır.
İmtahana 100 sual daxil edilmişdir. Hüquq sahəsinə aid hər bir sualın düzgün cavabı “1” balla qiymətləndirilir (cəmi 80 mümkün bal). İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən 20 sualın hər bir düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal). Suala səhv cavab və ya sualın cavabsız qalması “sıfır” balla qiymətləndirilir. Suallara cavab üçün 3 saat vaxt verilir. İmtahanın başlandığı elan olunan andan etibarən 3 saat ərzində, səbəbindən asılı olmayaraq, imtahan salonundan çıxmaq qadağandır. İmtahanın nəticələrinə əsasən, namizədlərə ballar arayışı veriləcəkdir. Test imtahanlarının yekununa görə 50 və daha artıq bal toplamış namizədlər Vəkillər Kollegiyasında aparılacaq söhbətə buraxılırlar.
İmtahan sualları TQDK-nın mütəxəssisləri və təcrübəli hüquqşünaslar tərəfindən qapalı bunker şəraitində hazırlanır. İmtahanın gedişinə nəzarət Vəkillər Kollegiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul işçiləri tərəfindən həyata keçirilir. Təlimata tam uyğun keçiriləcək imtahan prosesini müşahidə etmək üçün ölkədə fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarını, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.