İDMAN
Vəli Qasımov: “Qarabağ” bu gün əzmkarlıq nümayiş etdirsə, nəticə qazana bilər
Bakı, 28 noyabr, AZƏRTAC
“Lion” Avropada böyük təcrübəyə malik komandadır. Bu mənada təmsilçimiz üçün çətin anlar yaşada bilər. Lakin “Qarabağ” Norveçdə “Budyo-Qlimt”lə keçirilmiş görüşdəki əzmkarlığı nümayiş etdirə bilsə, nəticə qazanacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vəli Qasımov “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsində bu gün Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur oyunu barədə danışarkən deyib.
O bildirib ki, Fransa klubunun maliyyə problemi ilə üzləşməsi “Qarabağ”la oyunda özünü göstərməyəcək: “Lion” peşəkar komandadır. Bu cür situasiyalar onlara o qədər də mənfi təsir göstərmir. Bildiyimə görə, rəqib baş məşqçi “Qarabağ”la matçda daha az oynayan futbolçulara şans verəcək. Fikrimcə, bundan ehtiyat etməliyik. Çünki gənc oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün onlara verilən şansdan maksimum yararlanmağa çalışacaqlar”.
Azərbaycan millisinin keçmiş hücumçusunun fikrincə, avrokubok oyunlarında qol imkanlarından yerli çempionatdakı kimi yararlanmaq çətindir: “Qarabağ”ın bundan əvvəl keçirdiyi 4 oyuna baxsaq, yaxşı performans sərgilədiyini görürük. Lakin nəticə qazanmaq çətin olur. Qurban Qurbanovun komandası yerli çempionatda 10 qol fürsəti yaradır və bunların ən azı yarısından yararlanmağı bacarır. Beynəlxalq matçlarda isə belə olmur. Çünki rəqiblər daha güclü olur. Həmin görüşlərdə ələ düşən 2-3 imkanı qola çevirmək isə elə də asan deyil. Futbolda hər epizod məntiqi sonluqla tamamlanmır”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.