Vera Bukaçi gənclər siyasətinə verilən yüksək dəyərə görə Azərbaycan hökumətinə təşəkkür edib VİDEO
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan hökumətinin gənclər siyasətinə ən yüksək səviyyədə verdiyi dəyərə görə minnətdarıq. Burada gənclərin və hökumətdən asılı olmayan təşkilatların ictimai-siyasi həyatın bütün sahələrinə cəlb olunduğunu gördük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Keniya Qeyri Hökumət Təşkilatlarının təmsilçisi Vera Bukaçi “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin rolu” mövzusunda sessiya zamanı deyib.
O bildirib ki, 2030-cu ilə qədər Afrikada təxminən 1 milyard insan şəhərlərdə yaşayacaq və onların yarıdan çoxunu 35 yaşdan aşağı gənclər təşkil edəcəklər: “Bu insanların 600 milyonu isə qeyri-rəsmi yaşayış məntəqələrində yaşamaq məcburiyyətində qalacaqlar. Problem ondan ibarətdir ki, bu gənclər mənzil, torpaq almaq imkanlarından məhrum olacaq, həmçinin öz yaşadıqları məhəllələrin formalaşdırılması ilə bağlı qərarlardan kənarda qalacaqlar”.
Vera Bukaçi qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı çərçivəsində bir çox layihələri həyata keçirərək gənclərin ictimai həyata qatılması təmin olunub.
Keniyalı QHT təmsilçisi yerli hökumətin BMT və digər beynəlxalq təşkilatların yardımı ilə əhalinin mənzillə təmin edilməsi istiqamətində işlər apardığını söyləyib.
O, Azərbaycanda gənclər hərəkatından müxtəlif layihələr barədə məlumat aldığını və gələcəkdə təcrübə mübadiləsi apararaq əməkdaşlıq əlaqələrini davam etdirmək qərarına gəldiyini vurğulayıb.