Vergi hüququ üzrə yeni kitab nəşr olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, “Caspian Legal Center” şirkətinin rəhbəri Fərid Nəbilinin “Vergi hüququ” kitabının təqdimat mərasimi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Mərasimdə BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev təqdim olunan nəşrin hüquq nəzəriyyəsi sistemi üçün əvəzsiz töhfə olduğunu, 2021-ci ildən Hüquq fakültəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əməkdaşlığı çərçivəsində yaradılmış “Vergi hüququ” magistratura ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün belə bir dərsliyin əhəmiyyətli olduğunu bildirib.
Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva və müəllimi, Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə vergi hüququndan, bu kontekstdə nəşr olunmuş yeni kitabın əhəmiyyətindən bəhs ediblər.
Sonra kitabın müəllifi Fərid Nəbili vergi hüququnun problemləri, vergi qanunvericiliyindəki boşluqlar, vergi mübahisələrinə baxılarkən formalaşmış məhkəmə təcrübəsi barədə təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb.