İQTİSADİYYAT
Vergi ödəyiciləri ilə görüş keçirilmişdir
Bakı, 17 avqust (AZƏRTAC). Bakı Şəhər Vergilər Departamentində Asan Sertifikat Xidmətləri Mərkəzinin istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, elektron vergi hesab-fakturasının göndərilməsi və s. əməliyyatlar üzrə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərə həsr olunmuş görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Vergilər Nazirliyinin nəzdində yaradılmış Elektron İmza üzrə Asan Sertifikat Xidmətləri Mərkəzi barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, əvvəllər nazirliyin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən istifadəçi kodu və şifrədən istifadə edərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmurdu, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermirdi. Bununla da elektron xidmətlərdən istifadənin sentyabrın 1-dən etibarən yalnız Asan İmza vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilmişdir.
Sonra Asan İmza xidmətinin fəallaşdırılması üçün müraciət edən vergi ödəyicilərinə xidmət göstərilən ünvanlar və iş qrafiki barədə ətraflı məlumat verilmiş, görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.