Vətən müharibəsi şəhidinin əşyaları Tarix Muzeyinə təhvil verilib
Bakı, 13 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Rufiz Budaqovun şəxsi əşyaları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin şəxsi əşyaları muzeyə Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı Ramiyə İsmayılova vasitəsilə təqdim edilib.
Rufiz Budaqov 1977-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində tank komandiri vəzifəsində xidmət edib. Döyüşdə, ictimai-siyasi hazırlıqda, hərbi xidmətdə qazandığı nailiyyətlərə görə Fəxri fərmanla, habelə “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medalla, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
O, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı idi. 2020-ci il sentyabrın 29-da Vətən müharibəsində şəhid olub. Şəhid R.Budaqov II Fəxri xiyabanda dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.