Vətən müharibəsində iştirak etmiş müəllimlərə xüsusi diqqət
Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Vətən müharibəsində yaralanmış, eləcə də müxtəlif dövlət təltiflərinə layiq görülmüş müəllimlərlə telefon vasitəsilə əlaqə saxlayıb və onların vəziyyəti ilə maraqlanıb. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə müəllimləri təbrik edən idarə müdiri onlara möhkəm cansağlığı və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, M.Vəliyeva Vətən müharibəsində iştirak etmiş müəllimlərin təkcə sinif otaqlarında deyil, həm də döyüş meydanındakı qəhrəmanlıq nümunələri ilə şagirdlərə vətənpərvərlik dərsi keçdiklərini qeyd edib. İdarə müdiri qazi müəllimlərin qalib ordunun təmsilçisi kimi geri dönərək şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanı olacağını da bildirib.
Qeyd edək ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq müxtəlif xəsarətlər almış müəllimlərə BŞTİ tərəfindən hədiyyələr və bayram sovqatı da göndərilib.