CƏMİYYƏT
Vətəndaşların bəziləri qripə etinasız yanaşır
![Vətəndaşların bəziləri qripə etinasız yanaşır](/files/2023/3/1200x630/1698825674197644463_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Hər il olduğu kimi bu il də payız mövsümündə virus mənşəli xəstəliklərin yayılmasında artım müşahidə edilir. İmmun sisteminin zəifləməsi, hava şəraitinin qeyri-sabit keçməsi, vitamin çatışmazlığı müxtəlif infeksion xəstəliklərə şərait yaradır. Xəstəliyə yoluxanlarda yüksək qızdırma, halsızlıq, baş ağrısı kimi əlamətlərə rast gəlinir.
AZƏRTAC xəbər verir ki, qrip xəstəliyindən qorunmaq yolları barədə danışan həkim-infeksionist Ləman Qalimova deyib: “Hazırda mövsümi qripin vaksini var və onu vurdurmaq lazımdır. Vaksinasiyadan başqa, əl gigiyenasına riayət etmək, sosial məsafəni qorumaq, qidalanmaya fikir vermək, fiziki aktivlik və təmiz havada gəzməklə qorunmaq olar”.
Vətəndaşlardan bəziləri özlərini qorumağa çalışsalar da onların əksəriyyəti həmin hallara qarşı etinasız yanaşır. Qripi yeni növ koronavirusla (COVID-19) eyniləşdirənlər də az deyil, çünki dünyada yoluxma halları artır, virusun yeni ştamları qeydə alınır.
Həkim-terapevt Nahid Məhərrəmov deyib: “Ümumiyyətlə, bundan sonra da hər hansı bir ştamla rastlaşa bilərik və ştamın hansı olduğu yox, hansı əlamət daşıdığı önəmlidir, nə dərəcədə təsir göstərməsi daha çox əhəmiyyət daşıyır. COVID-in müxtəlif ştamları yayıla bilər və birmənalı şəkildə yuxarı tənəffüs yollarına narahatlıq varsa - burun tutulursa, boğaz ağrıyırsa, temperatur yüksəlirsə, ishal əlamətləri varsa, həmin əlamətlərə uyğun müalicə tətbiq edilməlidir”.
Xəstəliyə yoluxandan sonra sağalma müddəti şəxsin immunitet sistemindən asılı olaraq dəyişir və bəzən uzunmüddətli olur. Belə olan halda həkimə müraciət etməkdən çəkinməmək lazımdır, çünki qrip zamanı da ağırlaşma halları müşahidə edilə bilər.