VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASINA DİQQƏT ARTIRILIR
Vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsini bütün dövlət qulluqçularının əsas vəzifələrindən biri olduğunu müəyyənləşdirən Fərmanın tələblərinə və dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq surətdə, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş cədvələ əsasən, respublikanın baş prokuroru Zakir Qaralov aprelin 24-də Qax Rayon Prokurorluğunun binasında Şəki, Zaqatala, Balakən, Oğuz, Qax və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Baş Prokurorluğun idarə rəisləri və bölgə üzrə məsul əməkdaşları, habelə həmin rayon prokurorlarının iştirakı ilə keçirilmiş qəbul zamanı 90-a yaxın vətəndaşın müraciətinə baxılmaqla, onların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən məhkum olunmuş şəxslərin əfv edilməsi, konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və aidiyyatı üzrə müvafiq icra orqanlarında səlahiyyət hədləri daxilində operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlər üzrə onların qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon prokurorlarına müvafiq göstərişlər verilməklə, konkret ərizə və şikayətlər üzrə yerində real tədbirlər görülmüşdür.
2000-2003-cü illər ərzində Zaqatala-Balakən rayonlarının ərazisində çoxsaylı ağır cinayətlər törətdiklərinə görə barələrində həbsli axtarış elan edilmiş mütəşəkkil cinayətkar dəstənin üzvlərinin valideynləri və yaxın qohumları ilə də görüş keçirilmiş, gizlənən şəxslərin özlərini istintaqa könüllü təqdim etmələri üçün onlar tərəfindən də müvafiq tədbirlər görülməsinin zəruriliyi nəzərlərinə çatdırılmışdır.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən şimal-qərb bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa və separatçılıq meyllərinə qarşı mübarizənin gücləndirilməsi üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı rayon prokurorlarının fərdi məsuliyyət daşıdıqları onların diqqətinə çatdırılmışdır.
Vətəndaşların qəbulundan əvvəl Qax rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilmiş, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından onlara ərzaq yardımı göstərilmişdir.