Videokonfransda karantin dövründə görülən işlər müzakirə edilib
Bakı, 17 iyul, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsi növbəti videokonfrans keçirib. Konfransda idarənin rayonlar üzrə nümayəndələri, rayonlarda fəaliyyət göstərən muzey, kitabxana və klub tipli müəssisələrin rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda idarə rəisi Elman Məmmədov karantin dövründə görülən işlər, daxil olan məktubların vaxtında icra olunması, tabe müəssisələrdə sənədləşmə işlərinin aparılması və qarşıda duran vəzifələr barədə danışıb.
O, kitabxanaların səyyar kitabxana xidməti, virtual müsabiqələr və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən bəhs edib. Klub tipli müəssisələrin onlayn konsertlərinin, dərnək üzvlərinin virtual sərgilərinin, asudə vaxtın səmərəli təşkili məqsədilə virtual konsertlərin keçirilməsi üçün müvafiq tövsiyə və tapşırıqlarını verib. Muzey tipli müəssisələrdə virtual ekskursiyaların keyfiyyətinin artırılmasından danışıb. Yüksək səviyyədə videoçarxların hazırlanıb sosial şəbəkələrdə təqdim olunmasını tövsiyə edib.
İdarə rəisi, eyni zamanda, sosial dəstəyə ehtiyacı olan və yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğının göstərilməsinin vacibliyini bildirib.