VII ƏNƏNƏVİ BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” BAKI KİNOFESTİVALININ AÇILIŞI
Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestri Nazim Əliverdibəyovun “Skertso” əsərini ifa etdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kinofestivalın iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra mədəniyyət naziri Polad Bülbüloğlu kinoforumun iştirakçılarını səmimiyyətlə salamladı, onlara uğurlar arzuladı. Nazir dedi ki, festival müsabiqə xarakteri daşımasa da, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi dörd mükafat təsis etmişdir: “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı kişi roluna görə”, “Bəşəriyyətə ən humanist müraciətə görə”, “Dünya kinosuna töhfəyə görə”.
Festivalın qonaqları adından Moskva Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Pavel Finn çıxış etdi.
Avrasiya Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov elan etdi ki, bu gün kinofestivalın ilk mükafatı və diplomu “Rusiya kinematoqrafına töhfəyə görə” ssenarist və rejissor Pavel Lunginə təqdim olunur.
Həmyerlilərini Azərbaycan dilində salamlayan Yuli Qusman ölkəmizi qonaqlara Səməd Vurğunun “Azərbaycan” şeirindən sətirlərlə təqdim edərək dedi: “Siz, gözəl bir ölkəyə, çox gözəl və xeyirxah insanlara qonaq gəlmişsiniz”. Y.Qusman Azərbaycan Prezidenti İlham Əliyevə öz dahi atasının gözəl ənənələrini davam etdirərək, xalqların mədəniyyətlərini yaxınlaşdırdığına görə minnətdarlığını bildirdi. O xatırlatdı ki, birinci “Şərq-Qərb” kinofestivalı 1996-cı ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə keçirilmişdir.
Festivalın birinci günü “Çayların qovuşduğu yerdə” (Azərbaycan) və “Kasıb qohumlar” (Rusiya) filmlərinə baxışla başlandı.