“Vivyen Vestvud”un korsetləri Londonda nümayiş olunacaq
Bakı, 25 aprel, AZƏRTAC
Böyük Britaniyanın “Vivienne Westwood” moda evi brendin firma siluetinə həsr olunmuş “Vivyen Vestvud: korsetlər — 1987-ci ildən bu günə kimi” sərgisinə start verir. Bu barədə AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir.
“Hypebae” nəşri yazır ki, ekspozisiya mayın 8-də London sənətkarlıq Həftəsi (London Craft Week) zamanı açılacaq. Sərgidə podiumlardan kult obrazlar, eləcə də Andreas Krontalerin geyimlərinin yenidən düşünülmüş versiyaları təqdim olunacaq. Bundan əlavə, məhdud tirajla buraxılmış və “Westwood Portrait” korsetinə həsr olunmuş zərgərlik kolleksiyası nümayiş olunacaq.
Sərgi Vivyen Vestvudun dəb təkamülünə, xüsusilə alt paltarların tam geyimə çevrilməsinə verdiyi töhfəsini vurğulamaq məqsədi daşıyır. Bundan başqa, layihə korsetin mədəniyyət və incəsənət ilə əlaqəsini öyrənməyə çalışır.
Məşhur modelyer Vivyen Vestvud keçən il dekabrın 29-da London yaxınlığındakı evində ömrünün 82-ci ilində vəfat edib. O, Böyük Britaniya moda sənayesinə və pop-mədəniyyətinə çox böyük töhfə verib.