SİYASƏT
“Voice of Vietnam” informasiya agentliyi Azərbaycan Prezidentinin “Haber Türk”ə müsahibəsinə dair məqalə yayıb
![“Voice of Vietnam” informasiya agentliyi Azərbaycan Prezidentinin “Haber Türk”ə müsahibəsinə dair məqalə yayıb](/files/2020/3/1200x630/16028423946361320406_1200x630.jpg)
Pekin, 16 oktyabr, AZƏRTAC
Vyetnamın böyük oxucu auditoriyasına malik olan VOV ("Voice of Vietnam") xəbər agentliyinin saytında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi barədə məqalə yayıb.
Azərbaycanın Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi əksini tapıb. Prezident İlham Əliyevə istinadən bildirilir ki, ilkin mərhələdə Ermənistan silahlı qüvvələri işğal altındakı əraziləri tərk etməli idi və prinsip etibarilə bu məsələ ATƏT-in Minsk qrupu çərçivəsində təsdiqlənib. Həmin prinsipə əsasən, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa və ətraf 7rayona qayıdır, Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir, ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
Daha sonra materialda Azərbaycan Prezidentinin Dağlıq Qarabağın erməni əhalisinə dair sözlərindən sitat gətirilir: "...orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. ... onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”.
“Voice of Vietnam” yazır ki, türkiyəli jurnalist Prezident İlham Əliyevdən Dağlıq Qarabağın azad olunmasından sonra bu bölgənin inkişaf modeli ilə maraqlanıb. Bununla əlaqədar qeyd olunub ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağa sərmayə qoymağı, orada sosial proqramlar həyata keçirməyi, yerli əhali üçün daha çox iş yerləri yaratmağı nəzərdə tutur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin