“Volunteer cup” voleybol turnirinin qalibləri məlum olub
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC Könüllüləri Təşkilatı və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə universitetin könüllüləri arasında 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Volunteer cup” voleybol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə oğlanlardan və qızlardan ibarət komandalar yarışıblar. Maraqlı mübarizə şəraitində keçən turnirin yekunlarına görə, oğlanlar arasında “Qarabağ-1” komandası, qızların yarışında isə “Gryffindor”un voleybolçuları qalib adını qazanıblar.
Turnirin mükafatlandırma mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, UNEC İdman Klubunun müdiri Mahmud Mustafayev, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, UNEC Könüllüləri Təşkilatının sədri İlham Əmrahov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Belə ki, 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Sonda turnirin qalibləri kubok, diplom və medallarla təltif olunublar.