Vüqar Gülməmmədov: Dövlət auditinin rəqəmsallaşması, bu sahədə süni intellektin tətbiqi əsas prioritetlərdəndir
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Hesablama Palatasının sədri qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
O qeyd edib ki, palata ötən dövr ərzində ali audit orqanı kimi ölkədə kənar dövlət maliyyə nəzarəti sahəsində mühüm nailiyyətlər əldə edib. Qurumun beynəlxalq fəaliyyəti və ali audit orqanları ictimaiyyətindəki roluna toxunan Vüqar Gülməmmədov Palatanın yeni Strateji Planı haqqında da danışıb. Sədr plana əsasən dövlət auditinin rəqəmsallaşmasının, bu sahədə süni intellektin tətbiqinin, data analitika alətlərindən istifadə kimi məsələlərin əsas prioritetlər olduğunu vurğulayıb.
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir Bankın fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycan ilə mövcud əməkdaşlıq sahələri barədə məlumat verib. O, bankın öz fəaliyyətində üzv ölkələrin prioritetlərini əsas götürdüyünü vurğulayaraq, Azərbaycan üzrə müəyyən edilmiş istiqamətləri diqqətə çatdırıb.
Sonda Hesablama Palatası ilə İslam İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.