Vüqar Gülməmmədov: Ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır
Bakı, 2 noyabr, AZƏRTAC
2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Belə ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş məlumatlarda “Büdcə sistemi haqqında” Qanunun büdcə sisteminin vahidliyi, bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı təsbit olunmuş tələbləri təmin edilib, layihə vahid büdcə təsnifatı tətbiq edilməklə tərtib olunub.
Vüqar Gülməmmədov qeyd edib ki, “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi 17 maddədən ibarət hazırlanıb. Aparılan qiymətləndirmələr qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi tələblərə əsasən uyğun olduğunu göstərir. Rəyin hazırlanması prosesində qanun layihəsinin 5.2-ci (mərkəzləşdirilmiş gəlirlərin komponentləri ilə bağlı) və 11-ci (dövlət borcuna ödənişlərlə bağlı) maddələri ilə bağlı dəqiqləşdirmələr, 7-ci (funksional təsnifat üzrə bölmə və köməkçi bölmələrlə bağlı) və 14-cü (kəsirin maliyyələşdirilməsi ilə bağlı mənbələr) maddələri üzrə redaktə xarakterli düzəlişlər təklif olunub. Həmin məsələlərlə bağlı tövsiyələr Rəyə daxil edilib.
“2024-cü ilin fiskal proqnozlarında büdcə qaydasının hər 2 hədəfi diqqətdə saxlanılıb. Təqdim edilmiş məlumatlara əsasən apardığımız hesablamalar 2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 22,2 faiz proqnozlaşdırıldığını göstərib. Bu da müvafiq göstəricinin büdcə qaydası çərçivəsində olduğunu deməyə əsas verir”, - deyə Hesablama Palatasının sədri vurğulayıb.