Vyanada Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir
Vyana, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Vyanada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə Avstriya Atatürkçü Düşüncə Dərnəyində (AADD) bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə ilk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmış, sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
AADD-ın baş katibi Aslan Doğan tədbiri giriş sözü ilə açaraq, Xocalı faciəsinin türk xalqlarının tarixində ən ağrılı hadisələrdən biri olduğunu, onun nəticələrinin hələ də aradan qaldırılmadığını və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının bu gün də Ermənistanın işğalı altında inlədiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, bu kimi faciələrin bir daha təkrarlanmaması və ədalətin bərpa olunması məqsədilə mütəmadi şəkildə yerli ictimaiyyət üçün məlumatlandırıcı tədbirlər təşkil olunmalıdır.
“Vyana Mədəniyyət Dərnəyi” təşkilatının rəhbəri, “Yaşıllar” Partiyasının Vyananın birinci rayonu üzrə nümayəndəsi Qünter Vaxtl Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi kökləri, Xocalı faciəsinin baş vermə səbəbləri və nəticələri barədə danışmışdır.
Qünter Vaxtl Avropada insanların bu faciə haqqında yetərincə məlumatlı olmadığını, ermənipərəst media tərəfindən bu faciənin üzərindən sükutla keçilməsinə cəhd edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, sülhpərvər qüvvələr bu haqsızlığa göz yuma bilmədiyi üçün bəşəriyyətə qarşı belə cinayətlər barəsində insanların dolğun məlumat əldə etməsinə çalışılmalı, cinayətkarların öz layiqli cəzalarını almaları naminə addımlar atılmalıdır ki, dünyamızda bu kimi faciələr təkrarlanmasın.
Natiq bildirmişdir ki, insanların bu faciə haqqında yetərincə məlumatlı olmamasını nəzərə alaraq, yaxın günlərdə onun rəhbərlik etdiyi “Time” qalereyasında Xocalı hadisələrinə həsr olunmuş fotosərgi açılacaqdır.
Tədbirdə Xocalı soyqırımı, bu faciəyə aparan yol və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sonra Avstriya Atatürkçü Düşüncə Dərnəyi və Türkiyə Gənclik Birliyinin Avstriya nümayəndəliyinin gənclər qolu tərəfindən soyqırımının ildönümü münasibətilə hazırlanmış “Xocalını unutma, unutdurma!” adlı xüsusi videoçarx nümayiş olunmuşdur.
Vyanada nəşr olunan “Bizim səsimiz” qəzetinin Xocalı soyqırımının ildönümünə həsr olunmuş xüsusi buraxılışı tədbir iştirakçılarına paylanılmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana