WUF13-də Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunub – YENİLƏNİB VİDEO
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə “Strateji Ekoloji Qiymətləndirmə şəhərsalma planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Maimuna Mohd Şərif, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts çıxış ediblər.
Panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Sloveniya Ətraf Mühit, İqlim və Enerji Nazirliyi, Niderland Ekoloji Qiymətləndirmə Komissiyasının (hibrid) nümayəndələri və ETSN yanında İctimai Şuranın üzvləri iştirak edib.