Xabarovsk azərbaycanlıları uşaq evi və internat məktəbini ziyarət ediblər
Moskva, 26 dekabr, AZƏRTAC
Xabarovsk vilayətinin “Azərbaycanlılar Birliyi” ictimai təşkilatı şəhərin uşaq evlərində və internat məktəblərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş silsilə tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, Xabarovsk vilayətinin Azərbaycan diasporunun nümayəndələri yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli uşaq evi və 3 nömrəli internat məktəbini ziyarət ediblər.
Uşaqlar əyləncəli yarışlara qatılıb, rəqs edib, mahnı oxuyublar və təşkilatçıların maraqlı hədiyyələrinə layiq görülüblər. "Cigitlər" ansamblı Azərbaycanın xalq rəqslərini ifa edib.
Xabarovsk vilayətinin "Azərbaycanlılar Birliyi" ictimai təşkilatının sədri Məmməd İsgəndərov uşaqlara Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumat verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva