Xaçmazda rayonun “Əfsanələr paytaxtı” elan olunması ilə əlaqədar “dəyirmi masa” keçirilmişdir
Xaçmaz, 22 noyabr (AZƏRTAC). Xaçmazda rayonun 2013-cü il üçün “Əfsanələr paytaxtı” elan olunması ilə əlaqədar noyabrın 22-də “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin konfrans zalında təşkil edilmiş “dəyirmi masa”da əfsanələr paytaxtı elan olunması ilə əlaqədar rayonda il ərzində keçirilmiş tədbirlərdən söz açılmış, nəticələr müzakirə olunmuşdur.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin (MEMM) Mədəni İrs şöbəsinin müdiri Cabar Süleymanov, Xaçmaz rayon icra hakimiyyətinin məsul işçisi Yaqut Məsimova 2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları proqramının əhəmiyyətindən danışmışlar.
“Dəyirmi masa”da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi Atəş Əhmədli “Əfsanələrdə yaşayan tariximiz”, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Aqil Əlisultanov “Tarixin keçmişini yaşadan əfsanələr paytaxtı”, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov isə “Xalqın müdriklik nişanəsi-Xaçmaz əfsanələri” mövzusunda məruzələrlə çıxış etmişlər.
Tədbirin sonunda rayonun bir qrup mədəniyyət işçisinə MEMM-in fəxri fərmanları təqdim olunmuşdur.