Xaçmazda yerli iqlim şəraitinə uyğun minlərlə ağac əkilib
Xaçmaz, 6 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə xaçmazlılar da böyük coşqu ilə qoşulublar. Ağacəkmə aksiyası çərçivəsində rayon ərazisində bir gündə minlərlə ağac tingi əkilib.
AZƏRTAC-ın bölgə müxbir xəbər verir ki, Gəndov-Yalama yolunun kənarı boyunca Vəlvələçaydan Ağçayadək olan ərazidə, həmçinin şəhər ərazisində yerli iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib. Aksiyaya rayon rəhbərliyi, bütün idarə, təşkilat və müəssisələrin əməkdaşları, eləcə də rayon ictimaiyyəti nümayəndələri könüllü olaraq qoşulub.
Bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir.
Dekabrın 6-da Xaçmazla yanaşı Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.