Xalq artisti Məmmədsəfa Qasımov şabranlı sənətsevərlərlə görüşüb
Şabran, 14 may, Elxan Yusifli, AZƏRTAC
Şabranlı sənətsevərlər Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmmədsəfa Qasımovla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatr və kino aktyoru ilə görüş "Heydər Əliyev İli" çərçivəsində Milli Teatrımızın 150 illiyi münasibətilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Şabran Mədəniyyət sarayında keçirilən görüşdə Məmmədsəfa Qasımovun baş rolda çəkildiyi "Dolu" filmindən bir hissə izlənilib, Xalq artistinin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Məmmədsəfa Qasımov çıxışı zamanı aktyorluq sənətinin çətinliklərindən, müasir gənclərin bu sənətə münasibətindən bəhs edib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Fərid Musayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Aydın Tağıyev çıxış edərək, ölkəmizdə incəsənət sahəsinin inkişafı və tanınmış aktyorun sənət yolu barədə fikirlərini bölüşüblər.
Tədbirdə şairə Aybəniz Əlyarın Xalq artistinə həsr etdiyi şeiri səsləndirilib, sənətkarın müxtəlif kinolarda canlandırdığı obrazlar haqqında söhbət açılıb, filmlərdən fraqmentlər izlənilib.
Sonda Məmmədsəfa Qasımov yaradıcılığı ilə bağlı sualları cavablandırıb, kino və teatrla bağlı fikirlərini bölüşüb.