“Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” - Təqdimat
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktor müavini professor Xatirə Bəşirlinin “Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiyasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, pedaqoqların, tədqiqatçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Təhsil İnstitutunun direktoru kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov təqdim olunan monoqrafiya ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyev qeyd edib ki, Azərbaycan türklərinin tarixən yaratdığı mədəniyyətin əsas hissəsini xalq bayramları və inanclarımız təşkil edir. Bu da milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynayır. Kitabda dini, milli, xalq bayramlarımızdan başqa, mühüm və əlamətdar tarixləri özündə əks etdirən dövlət bayramlarımız haqqında da geniş məlumatlar verilir.
Ə.Quliyev monoqrafiyanın gənclərin əxlaqının, dünyagörüşünün formalaşmasında önəmli rolu olacağına inamını ifadə edib.
Kitabın rəyçisi, Təhsil İnstitutunun elmi katibi professor Akif Abbasov milli-mənəvi dəyərlərimizin qorunmasının zərurililiyini söyləyib.
Təhsil İnstitutunun direktor müavini Aydın Əhmədov, Respublika Təhsil Şurasının sədri, BDU-nun professoru Hikmət Əlizadə, Təhsil İnstitutunun baş elmi məsləhətçisi professor Vidadi Xəlilov, “Pedaqogika” jurnalının baş redaktoru professor Fərahim Sadıqov monoqrafiyanın Azərbaycanın milli adət-ənənələrinin, dini inancının, əxlaqi dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün önəmli mənbə rolu oynayacağını vurğulayıblar.