“XALQ KOMPYUTERİ” LAYİHƏSİNƏ DAİR YEKUN TƏKLİFLƏRİN HAZIRLANMASI BAŞA ÇATDIRILIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Xalq kompyuteri» layihəsinə dair yekun təkliflərin hazırlanmasını başa çatdırır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, yaxın zamanda təkliflər “Microsoft” və “Intel” şirkətlərinə təqdim ediləcək, müzakirələrdən sonra Nazilər Kabinetinə göndəriləcəkdir.
RİTN və qeyd olunan şirkətlərin ekspertlərindən ibarət işçi qrupu tərəfindən artıq bir neçə dəfə layihə ilə bağlı müzakirələr aparılmışdır.
Xatırladaq ki, “Xalq kompyuteri” layihəsinin məqsədi əhalini güzəştli şərtlərlə kompyuterlə təmin etmək, bu sahədə yerli istehsalı genişləndirməkdir. Layihə kompyuterlərin istehsalının yerli şirkətlər tərəfindən həyata keçirilməsini, bütün kompyuterlərin lisenziyalı proqramla təmin olunmasını nəzərdə tutur.