Xalxalçay və ətraf ərazilərdə ekoloji monitorinq aparılıb
Oğuz, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələri tərəfindən Şəki-Zaqatala bölgəsinin selli dağ çayları hövzələrindəki ərazilərin ekoloji mühiti öyrənilir və müvafiq elmi tədqiqat işləri aparılır.
Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2023-ci ilin iş planına uyğun olaraq, Oğuz rayonunun Muxas, Bucaq və Xalxal kəndləri ərazilərində aparılan növbəti ekoloji monitorinq zamanı ərazilərin torpaq və bitki örtüyü müayinə olunub, eyni zamanda, həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri yerinə yetirilib.
Qurumun rəsmisi qeyd edib ki, aparılan elmi tədqiqat işləri təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri nəticəsində aşınmaların qurşaqlar üzrə öyrənilməsi ilə regionda tez-tez təkrarlanan sel hadisələrinin proqnozlaşdırılması və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətlidir.