İDMAN
“Xarıbülbül Şuşa” voleybol komandası yoxlama oyununda qalib gəlib




Bakı, 20 noyabr, AZƏRTAC
Ölkə çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarıbülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında olan komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir. “Xarıbülbül Şuşa” yoldaşlıq görüşündə MOİK komandası ilə qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Razılığa əsasən, komandalar daha bir setdə mübarizə aparıblar. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.
Xatırladaq ki, “Xarıbülbül Şuşa” klubunun prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva, baş məşqçisi Ziya Rəcəbov, təsisçisi isə beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda, komandanın voleybolçusu İlqar İmamquliyevdir.